ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti ATƏT-in Daimi Şurasının iclasında bu sahədə növbəti hesabatını təqdim edib. SİA-nın məlumatına görə, hesabatda ATƏT nümayəndəsinin fəaliyyətinə və ATƏT-ə üzv ölkələrdə mətbuat azadlığı sahəsində mövcud vəziyyətə dair məlumatlar öz əksini tapıb. Hesabatın Ermənistan Respublikası ilə bağlı hissəsində bu ölkədə jurnalistlərə qarşı zorakılıq hallarının geniş yayıldığı bildirilib və bunu təsdiqləyən bir neçə fakt qeyd olunub. Hesabatda həmçinin Ermənistanda televiziya və radio yayımı barədə qanun layihəsinin müzakirə olunduğu bildirilir. Qanun layihəsində bəzi müddəaların, xüsusilə Ermənistan İctimai Televiziya və Radio Şurası, Televiziya və Radio üzrə Milli Komissiya üzvlüyünə namizədlərin prezident tərəfindən təyin olunması barədə maddənin plüralizm prinsiplərinə zidd olduğu vurğulanıb. Həmin iclasda Ermənistanda jurnalistlərə qarşı zorakılığla bağlı narahatçılıq Avropa İttifaqı adından çıxış edən İsveç səfirinin və ABŞ təmsilçisinin nitqlərində də ifadə olunub.