Vətəndaşların qəbul imtahanları ilə bağlı müraciətlərinin araşdırılması məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təşkil olunan apelyasiya komissiyalarının işi dünən başa çatdı. İyulun 28-dən bu günə kimi bu komissiyalara 250-yə yaxın müraciət daxil olub. Bu məlumatı qəzetimizə TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. E.Nağızadənin sözlərinə görə, müraciətlərin əksəriyyəti qəbul imtahanında aşağı nəticə göstərək müsabiqə şərtlərini ödəməyən, ixtisas seçiminə buraxılmayan abituriyentlər və onların valideynləri tərəfindən daxil olur: «Onlar müəyyən güzəştlər edilməsini xahiş edirlər. Amma bu, mümkün deyil, çünki hər bir qrup üzrə müsabiqəyə buraxılma üçün tələb olunan minimal bal həddi müəyyənləşdirilib və ictimaiyyətə elan olunub. Ona görə də əhalinin heç bir təbəqəsi üçün bu sahədə güzəşt nəzərdə tutulmayıb». E.Nağızadənin sözlərinə görə, komissiyalara ayrı-ayrı ixtisas qrupları üzrə müxtəlif sayda müraciətlər daxil olur: «Müraciətlər TQDK-nın əməkdaşları tərəfindən həmişə cavablandırılır. Bu sualların əksəriyyəti müsabiqədə iştirak edən abituriyentlərin ixtisas seçimi ilə bağlıdır. Onlar ixtisas seçimi, kodlaşdırma ilə əlaqədar əlavə məsləhətlər almaq istəyirlər. TQDK ixtisas seçimində abituriyentlərə kömək məqsədilə müxtəlif materiallar dərc edib. Bu materiallarda ixtisas seçimi üçün bütün məlumatlar öz əksini tapıb. Abituriyent ixtisas seçimində öz istəyini nəzərə almalı və istəyi ilə reallığı tutuşdurmalıdır. Abituriyentlər sərbəst qaydada ixtisas seçimində iştirak edirlər. Bu sahədə onlara yalnız valideynləri məsləhət verə bilər». Qeyd edək ki, iyulun 28-dən 30-dək fəaliyyət göstərən apelyasiya komissiyaları I və IV qruplar üzrə Bakı Qızlar Universitetində, II və III qruplar üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, rus bölməsinin bütün ixtisas qrupları üzrə isə TQDK-da yaradılmışdı. E.Nağızadə onu da qeyd etdi ki, ali məktəblərə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş və müvafiq nəticə göstərərək müsabiqəyə buraxılmış abituriyentlərin elektron ixtisas seçimi davam edir: «Bu gün (dünən-red.) saat 12:00-a olan məlumata görə, 21 min 207 abituriyent ixtisas seçimini edib. Ən çox III qrup abituriyenti ərizələrini təsdiqləyib - 8 min 195 nəfər. I qrup üzrə 6 min 828, II qrup üzrə 3 min 696, IV qrup üzrə isə 2 min 884 abituriyentdir. Bunlardan 18 min 323-ü Azərbaycan, 2884-ü isə rus bölməsi üzrədir. İxtisas seçimini təsdiq etdirməyən abituriyentlərin nəzərinə bir daha çatdırırıq ki, avqustun 3-ü son tarixdir. İxtisas seçimi üçün nəzərdə tutulmuş vaxtdan əlavə vaxt ayrılmayacaq. Ona görə də abituriyentlər ixtisas seçimi ərizəsini vaxtında doldurub təsdiq etsinlər. Yaxşı olardı ki, abituriyentlər real müsabiqə şəraitinin gerçəkliklərini də nəzərə alsınlar». Qeyd edək ki, bu tədris ili üçün ixtisas seçimi mərhələsinə buraxılan abituriyentlərin ümumi sayı 31210 nəfərdir. Ali məktəblərə qəbul üçün plan yerlərinin sayı isə 29 mindən artıqdır. Xatırladaq ki, bu il abituriyentlərin göstərdiyi nəticələr TQDK-nı qane etməyib. Belə ki, imtahan verən abituriyentlərin 33,8 faizi 100 ballıq həddi keçə bilməyib. Bunun üçün I və III ixtisas qruplarında keçid balları müvafiq olaraq 200 və 250-yə endirilib.