İran hakimiyyətinə müxalif ayətullah Hüseynəli Müntəziri islahatçıların seçkidən sonrakı olaylarla bağlı məktubuna cavab verib. Keçmiş prezident Məhəmməd Xatəmi, keçmiş baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi bir neçə gün əvvəl yüksək rütbəli din xadimlərinə məktub yazaraq vətəndaşlara qarşı repressiyalar, qətllər, təzyiqlər qarşısında susmamağı xahiş etmişdilər. “Media forum” saytının məlumatına görə, Müntəziri deyib: “İran xalqı ağıllı və səviyyəli xalqdır. Qanunu pozanlar və vətəndaşlara qarşı bu cinayətləri törədənlər cəzalandırılmayınca xalqı qane etmək mümkün deyil. İndiki böhran dərinləşməmiş, iş işdən keçməmiş rəsmilər tədbir qılmalı, baş verən cinayətlərlə bağlı suallara cavab verməlidirlər”. Ayətullah Müntəziri ölkə rəsmilərini şah dövrünü yada salmağa çağırıb: “Görəsən, son həftələrdə baş verən cinayətlərin, acınacaqlı olayların təşəbbüskarları şah dövrünün təcrübəsini və digər totalitar hakimiyyətlərin aqibətini unudublar? Azadlığı tələb edənləri boğub əzməklə, mətbuata senzura tətbiq etməklə, siyasi fəalları tutub onlardan işgəncə və təzyiq altında etiraflar almaqla xalqın etiraz dalğasının qarşısını almaq olmaz. Şahın taleyindən ibrət dərsi alın”. Müntəziri İran islam inqilabının lideri ayətullah Xomeyninin ilk canişini olub. Vaxtilə Xomeyniyə İran İslam Respublikasında həyata keçirilən edamlarla bağlı açıq məktub yazıb və edamları tənqid edib. Bu səbəbdən Xomeyni vəfat edəndən dərhal sonra Müntəziri canişinlikdən uzaqlaşdırılıb.
|