İyun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasının katibliyinin verdiyi xəbərə görə, iclasda bir sıra məsələlərə baxılaraq, qərarlar qəbul edilib. Şura iclasında son dövrlərdə respublikaya daxil olan internet trafikinin həcminin artdığı və internet şəbəkəsinə qoşulma haqlarının aşağı salındığı əsas gətirilərək, Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “AzStateNet” Dövlət internet və xüsusi rabitə xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal tutumundan asılı olaraq 44,4 - 66,0 faiz arasında aşağı salınıb. Belə ki, 128, 256, 384, 512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə aylıq abunə tarifləri 30, 60, 85,125, 170, 250, 375, 500 manat səviyyəsində müəyyənləşdirilib. Əvvəllər həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və 900 manat təşkil edirdi.
|